Firudin Sadıqov: “Ermənilərin əlində 34 azərbaycanlının olması barədə məlumatımız var”

“Bizdə 50 nəfər azərbaycanlının Ermənistanda və Dağlıq Qarabağda müxtəlif yerlərdə saxlanılması barədə məlumatlar vardı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri 1999-cu ildə və daha sonra bir neçə dəfə baş çəkərək onları qeydiyyata götürüblər”.

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov deyib: “Beynəlxalq təşkilatlarla onların azad olunması istiqamətində fəaliyyət göstərirdik. Amma belə alındı ki, onlardan bizə 16 nəfərin meyiti qaytarıldı. Meyitlərə baxanda görünürdü ki, onlar yaxın məsafədən atəş açılaraq, qətlə yetiriliblər. Ermənilər deyirdilər ki, onlar guya saxlama yerlərindən qaçmağa cəhd etdikləri üçün keşikçilər tərəfindən öldürülüblər, bir qismi isə xəstəlikdən ölüb. Biz də dedik ki, Ermənistan ərazisində hansı epidemiya yayılmışdı ki, onlar eyni gündə, eyni vaxtda həlak olublar? Digər 34 nəfərlə bağlı ermənilər heç bir məlumat vermirlər ”.

 

Bakıda saxlandığı zaman erməni əsgər Akop İnciqulyana işgəncə verilməsi barədə ermənilərin söylədiklərinin yalan olduğunu deyən Firudin Sadıqov bildirib ki, Akop İnciqulyan Azərbaycan tərəfinə keçdikdən sonra dəfələrlə mətbuat nümayəndələri tərəfindən danışdırılıb.

 

Firudin Sadıqov Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı son durumlara da aydınlıq gətirib: "Ermənilərin Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı qurduqları oyuncaq məhkəmədə onların guya Ermənistan ordusunun mayorunu öldürdüyünü və bir qadını yaraladığını deyirdilər. Sonradan erməni mətbuatında o qadınla zabitin arasında başqa münasibətlərin olduğu yazıldı. Artıq bunun üstündən keçiblər. İndi də Akop İnciqulyanı atıblar ortaya ki, guya o, Bakıda dindirilən zaman Həsən Həsənov da dindirmədə iştirak edib. Bu, yalandır. Onun dindirilməsiində elə bir adam iştirak etməyib”.

 

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bu ilin iyununda Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda öz doğmalarının qəbirlərini ziyarət edərkən işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Mülki şəxs Həsən Həsənov öldürülüb.

 

Erməni hərbçi r Akop İnciqulyan isə 2013-cü il avqustunda təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub, 2014-cü ilin avqustunda də ölkəsinə təhvil verilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı