ŞKTC xarici işlər naziri: “Azərbaycan bizim hüquq və mənafelərimizə xələl gətirəcək heç nə etməz”
Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Özdil Naminin APA TV-yə müsahibəsi
- Kipr münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi faktiki olaraq dayanıb. Bundan sonra sizin prosesdə tutduğunu mövqeyiniz necə olacaq?
- Biz Kiprin yunan hissəsinin liderini tez bir zamanda danışıqlar masasına əyləşdirmək üçün müxtəlif səylərimizi davam etdiririk. BMT Baş katibinin Kipr üzrə xüsusi müşavirinin fəaliyyətini dəstəkləyirik. Üzərimizə düşən vəzifəni yerinə yetirdiyimizə inanırıq. Yunan hissəsinin liderinin sülh prosesini tərk etməsi qəbuledilməzdir. Beynəlxalq ictimaiyyətdən də yunan liderinə bu hərəkətinin yanlış olduğunu xatırlatmasını xahiş edirik. Ümid edirik ki, qısa zamanda yunan lideri yenidən masa arxası danışıqlara dönəcək. Bütün fəaliyyətimizi bu istiqamətdə qurmuşuq.
- Avropa Parlamenti Şimalı Kipr Türk Cümhuriyyəti ilə beynəlxalq daxili sularda Türkiyənin yürütdüyü siyasətin beynəlxalq hüquqa zidd olması barədə qərar qəbul etdi. Bu qərarı necə dəyərləndirirsiniz?
- Biz beynəlxalq hüququ pozduğumuzu düşünmürük. Kiprə məxsus olduğu deyilən iqtisadi zonalar bütün kiprlilərə aiddir. Kiprli türklər də Kiprin bərabərhüquqlu sahibidir. Təəssüf ki, yunanların idarəsi altında olan və dünyanın tanıdığı Kipr cümhuriyyəti kirli türklərin haqlarını gözardı edərək təktərəfli addımlar atırlar. Biz də Türkiyə ilə sazişlər imzaladıq. Türkiyə də o sazişlərə əsaslanaraq bizim tələbimizlə bu bölgələrdə seysmik elmi araşdırmalar aparır. Bu istiqamətdə beynəlxalq hüququn pozulduğunu düşünmürük. Kiprin yunan tərəfi nə qədər ki, təktərəfli addımlar atır, kiprli türklər hüquq və mənafelərini qorumaq üçün öz gücləri ilə bu bölgələrdə araşdırma fəaliyyətlərini davam etdirəcək. Biz yunan tərəfinə dost əlimizi uzatdıq. Təklif etdik ki, federal dövlət formalaşdıraq və bu araşdırmaları federal dövlət bütün Kiprin mənafeyi naminə həyata keçirsin. Amma yunan tərəfin lideri müzakirə masasına belə əyləşmədi. Əgər əhatəli həlli gözləyə bilmiriksə, gəlin bu gündən etimadı artırmaq məqsədilə ortaq bir komitə formalaşdıraq və hüquq və mənafelərə qarşılıqlı hörmət çərçivəsində yanaşaq. Təəssüf ki, bu təklifimiz də rədd edildi. Kimsə bizim əl-qolumuzu sallayıb oturacağımızı, yunanların birtərəfli addım atmasını izləyəcəyimizi gözləməsin.
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də bu araşdırmalarda iştirakı barədə fikirlər irəli sürülür. Bu nə dərəcədə realdır?
- Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və mənafelərinə xələl gətirəcək heç nə etməz. Kiprli türklər oradakı araşdırma fəaliyyətləri ilə bağlı gələcəkdə Azərbaycanın yardımına ehtiyac duya bilər. Lakin bu məsələ hazırda gündəmdə deyil. Əgər belə bir şey olarsa, azərbaycanlı qardaşlarımızla bir masa arxasına əyləşib, müzakirələr apara bilərik. Görülə biləcək işlərlə bağlı qərarlar müştərək şəkildə verilə bilər. Yunan tərəfini dəstəkləyən kifayət qədər ölkə var. Bizim də dost və qardaş olduğumuz ölkələr var. Bunlar qarşılıqlı dialoqla qərar veriləcək mövzulardır. Amma hazırda dediyiniz məsələ gündəm mövzusu deyil.
- Şimal Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın bugünkü münasibətlərini necə dəyərləndirirsiniz?
- Bizim Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Bakıda da təmsilçiliyimiz var. Bu münasibətlərin gələcəkdə daha da irəliləyəcəyinə inanırıq. Azərbaycandan daha çox tələbəni Şimali Kiprdə görməyi arzu edirik. Daha çox turistin ölkəmizə gəlib, vaxt keçirməsini istəyirik. Azərbaycanlı iş adamlarının bura sərmayə qoymasını arzulayırıq. Biz Azərbaycanla biri-birimizi qardaş gözündə görürük. Bu münasibətlərin artaraq davam etməsi üçün də hər cür səy göstəririk.