Qarabağ münaqişəsində 4016 nəfər itkin düşmüş kimi qeydiyyatdadır - RƏSMİ

"Belə qənaətə gəlmişik ki, ermənilər torpaqlarımızı işğal edərkən 870 nəfərdən artıq insanı sağ şəkildə ələ keçiriblər. Onlardan bir qismi döyüş zamanı əsir, bir qismi mülki şəxs kimi girov götürülüb".

 

APA TV-nin xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov Bakı Dövlət Universitetində (BDU)"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda keçirilən konfransda deyib: “Hazırda münaqişə zamanı itkin düşmüş kimi qeydə alınanların siyahısında 4016 nəfərin adı var. Araşdırmaların nəticəsinə əsasən, belə qənaətə gəlmişik ki, 870 nəfərdən çox insanı ermənilər sağ ələ keçiriblər. Müharibə zamanı insanların bir qismi evlərindən çıxmayıb. Müharibə gedirdi, insanlar evlərini tərk etmirlər, fikirləşirdilər ki, ermənilər bu vəhşiliyi etməzlər. Bu insanların taleyi barəsində bütün beynəlxalq təşkilatları məlumatlandırmışıq. Lakin ermənilər bu faktları qəbul etmirlər”.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlərdən söz açan Firudin Sadıqov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ilk illərdə əsir və itkin düşən azərbaycanlıların sayı 8 min nəfərə qədər olub. Onların bir hissəsi qaytarılıb, bir hissəsinin taleyinə isə aydınlıq gətirilib, dəfn yerləri, başqa ölkələrdə yaşamaları müəyyənləşdirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı