Kürdəmirdə yoldan çıxan avtomobil dərəyə aşıb
Ağsu- Kürdəmir-İmişli-Bəhramtəpə avtomobil yolunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində yolun 64-cü kilometrliyində, Kürdəmir və İmişli rayonları arasındakı Kür çayı üzərindəki körpünün yanında qeydə alınıb. Qorxmaz Musayevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili Kürdəmir istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq kənardakı dərəyə yuvarlanb. Nəticədə Qorxmaz Musayev ilə avtomobildə olan sərnişinlər Ayşən Musayeva və Əlizamin Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.