Goranboyda dəhşətli qəza: 3 nəfər öldü
Bakı-Gəncə-Gürcüstan sərhədi magistral yolunda baş vermiş dəhşətli yol qəzası nəticəsində 3 nəfər ölüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə dekabrın 4-də saat 21.00 radələrində magistral yolun 340-cı kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 33 yaşlı Vasif Məhərrəmov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən yanacaq bitdiyinə görə maşını yolun kənarında saxlayıb, özü isə benzin almağa gedib. Bu zaman Cəlilabad rayonunun Kürdəmir kənd sakini, 37 yaşlı Rafiq Kərimovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil arxadan “VAZ-21011”-ə çırpılıb. Qəza zamanı “VAZ-21011”də olan sərnişinlər - Gəncə şəhər sakini, 63 yaşlı Sahib Məmmədov və 27 yaşlı Ramin Şükürov hadisə yerində ölüblər. Ağır bədən xəsarəti alan, hələlik şəxsiyyəti tam dəqiqləşdirilməyən 20-22 yaşlı Günel adlı qız isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Baş vermiş qəza eyni ərazidə zəncirvari qəzaya da səbəb olub. Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan və sürücülərinin qəzaya uğrayan "VAZ-21011"dəki sərnişinlərə yardım etməyə çalışdığı “Opel” və “VAZ 2106” markalı avtomobillərə çırpılıb.
Zəncirvari qəza zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.
Üç nəfərin ölümünə səbəb olan qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.