Bakıda qaydanı pozan sürücü "Saxla!" əmrinə tabe olmadı, qəza törətdi
Bakıda yol polisinin "Saxla!" əmrinə tabe olmayan sürücü qəza törədib. Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. APA TV-nin xəbərinə görə, yol polisi əməkdaşları yol hərəkəti qaydasını pozan "Mercedes" markalı avtomobilin sürücüsünə saxlamaq əmri verib. Lakin sürücü əmrə tabe olmayıb və polis əməkdaşlarının gözündən yayınmağa çalışıb. Yol polisi əməkdaşları sürücüsünün özünü şübhəli apardığı avtomobili məcburi qaydada dayandırmağa çalışıblar. "Mercedes" Niyazi küçəsi ilə "Azneft meydanı"na doğru hərəkət edib. Lakin dairədə yol-patrul xidmətinin avromobilinin olduğunu görən sürücü yüksək sürətlə Adil İsgəndərov küçəsinə daxil olub. Sürət yüksək olduğundan sürücü idarəetməni itirib və maşını yol kənarında dayanan "LADA Priora" markalı avtomobilə çırpıb. Polis əməkdaşlarından qaçan avtomobil yalnız bundan sonra dayanıb. Sürücü isə qaçmaqda davam edib. O, başqa maşına çırpdığı avtomobildən düşərək, hadisə yerindən piyada uzaqlaşmaq istəyib. Lakin polis əməkdaşları sürücünü elə Adil İsgəndərov küçəsində saxlaya biliblər.
İlkin məlumata görə, sürücünün adı Hafizdir. Onun yol polisi əməkdaşlarından niyə qaçdığı məlum deyil.
Faktla bağlı araşdırma aparırlır.