Nobel mükafatı tarixində ilk: alim mükafatını satdı

Amerikalı alim, DNT strukturunu kəşf edənlərdən biri Ceyms Uotsonun Nobel mükafatı ABŞ auksionunda 4,1 milyon dollara satılıb. APA TV-nin xəbərinə görə, 86 yaşlı Uotson mükafatını satmaq qərarına gələn ilk Nobel mükafatı laureatıdır.

 

Bundan başqa, Ceyms Uotsonun 10 dekabr 1962-ci ildə Stokholmda Nobel komitəsinin təntənəli mərasimindəki çıxışı üçün tezislərinin əlyazması 300 min dollara, mühazirəsinin qaralaması isə 200 min dollara satılıb.

 

Alim bildirib ki, əldə olunan vəsaiti xeyriyyəçiliyə sərf edəcək.

 

Qeyd edək ki, Ceyms Uotson xərçəng xəstəliyinin genetikasını araşdıran laboratoriyaya 25 il rəhbərlik edib və 2007-ci ilə bu vəzifədən getməli olub. Buna alimin müsahibəsi səbəb olub. O, Londonda verdiyi müsahibədə bəyan edib ki, dövlətin Afrika ilə bağlı siyasəti yanlışdır. Ceyms Uotsonun sözlərinə görə, siyasət bu faktın üzərində qurulub ki, afrikalılarla avropalıların intellekt səviyyəsi eynidir. Əslində isə bu,belə deyil. Ümumiyyətlə, 86 yaşlı Nobel mükafatı laureatı çoxsaylı eksentrik bəyanatları ilə tanınır. Məsələn, onun fikrincə, "genetik mühəndislik" yolu ilə bütün qızları gözəl etmək mümkündür.

Müəllif | Apa.Tv
Apa.tv