Nazirlik rəsmisi: "Avtobus sürücülərinin yoxlanmasına başlanılıb"
"Bakıda keçiriləcək "Avropa Oyunları 2015"-ə hazırlıq çərçivəsində paytaxtda fəaliyyət göstərən bütün marşrut sürücüləri ilə bağlı yoxlamalar aparılır. Yoxlamalar onların nizam-intizamı, lazımi sürücülük kateqoriyalarının olması və xarici dil bilmə səviyyəsi ilə bağlıdır".
Bunu APA TV-yə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Onun sözlərinə görə, bununla əlaqədar artıq şirkətlərdən və dövlət müəssisələrindən sürücülərin siyahısı nazirliyə daxil olub. Araşdırmalar nəticəsində tələblərə cavab verməyən 10-la sürücünün adı siyahıdan çıxarılıb: "Bu sürücülər seçiləndən sonra Dövlət Avtomobil Nəqliyyat Xidmətinin tədris kurs kombinatında onlara məşğələlər keçiriləcək. Burada əsasən, ünsiyyət qurmaq, nizam-intizam və dil öyrədiləcək. İngilis-Azərbaycan dilində olan lüğət əsasında onlara minimum ünsiyyət qurmaq tədris olunacaq. Bundan əlavə, hər bir avtobusa Dövlət Avtomobil Nəqliyyat Xidmətinin xüsusi əməkdaşları da təyin ediləcək. Onlar ingilis, rus və alman dillərini bilən gənclər olacaq".
Sürücülər arasında yaş kateqoriyasının da önəmli olduğunu deyən Əmrah Cəfərov bildirib ki, seçim zamanı daha çox təcrübəli sürücülərə üstünlük veriləcək: "Gənc sürücülərin təcrübəsi az olduğundan onlarla əməkdaşlıq olunmayacaq. Orta yaşlı nəslin nümayəndələri müraciət edə bilərlər".
Nazirlik rəsmisi bildirib ki, gələn ilin əvvəlinə kimi sürücülərin elektron bazası yaradılacaq. Sürücünün hansı kateqoriyalı olduğu, iş stajı, işlədiyi avtobus xətləri, fotoşəkili, sürücülük və şəxsiyyət vəsiqələrinin elektron görüntüləri bazaya yerləşdiriləcək. Bundan başqa, sürücünün əvvəl işlədiyi avtobus xətlərinin sahibkarlarından alınan xarakteristikası, əvvəllər hansı qəza törətdikləri və digər məlumatlar da bazada əksini tapacaq.