Sabirabadda maşın Kürə düşüb, müəllim boğulub, 3-cü sinif şagirdi xilas edilib
Sabirabad rayonunda faciə baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Cavad kənd sakini, Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, 1957-ci il təvəllüdlü Əhliman Hüseynov “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən kənd ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Əhliman Hüseynov boğularaq ölüb. Onun avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı isə sakinlər tərəfindən xilas edilib.
Hazırda avtomobilin və sürücünün meyitinin sudan çıxarılması üçün hadisə yerində FHN-in sularda xilasetmə xidmətinin dalğıcları işləyirlər.