Əli Əhmədov: "ABŞ-Azərbaycan münasibətləri normal səviyyədədir"
Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycana təyin ediləcək yeni səfirindən gözləntiləri şərh edib. APA TV-nin məlumatına görə, icra katibi bildirib ki, iki ölkə arasında münasibətlər normal səviyyədədir və münasibətlərin bundan sonrakı inkişafı Azərbaycanın həyata keçirdiyi siyasətin önəmli yerlərindən birini tutur: "Bununla yanaşı, müxtəlif zamanlarda ayrı-ayrı funksionerlər səviyyəsində Azərbaycandakı reallıqları təhrif edən bəyanatlar səsləndirilib. Qətiyyətlə bildirmək istəyirəm ki, Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən və yaxud bu proseslərin təhrif olunmuş şəkildə təqdimatından ibarət olan bu cür bəyanatlar Azərbaycan cəmiyyəti tərəfindən kəskin şəkildə pislənir. Ən azından biz burada ya informasiya qıtlığının olduğunu, ya da ədalətsiz yanaşmanın olduğunu qeyd etmək zorundayıq".
Nazir müavini bildirib ki, Azərbaycanın ABŞ-dan bütövlükdə gözləntiləri içərisində Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə və tezliklə həll olunmasına daha böyük səylər göstərilməsi ilə əlaqədardır: "Azərbaycana göndərilən səfirdən də ilk növbədə Azərbaycan vətəndaşı olaraq gözləntimiz bundan ibarətdir ki, birincisi, münaqişənin tezliklə nizama salınması üçün həmsədr olaraq ABŞ səylərini daha da artırsın. Enerjisini buraya sərf eləsin, Azərbaycanı tənqid etməyə yox. İkincisi, səfirdən gözləntimiz ondan ibarətdir ki, səfir öz dövlətinə Azərbaycanla bağlı daha səhih, daha obyektiv, daha düzgün və daha ədalətli informasiyalar təqdim etsin".
Qeyd edək ki, dekabrın 4-də ABŞ Senatında Robert Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilməsi məsələsi müzakirə olunub. Onun ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini prezident Barak Obama irəli sürüb.