Sergey Lavrov erməniləri "Kəlbəcər girovları"nı azad etməyə çağırıb
Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad etməyə çağırıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında bildirib.
APA-nın İsveçrəyə ezam olunan müxbirinin Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması və Rusiyanın bu məsələdəki mövqeyi barədə sualına cavabında Sergey Lavrov bildirib ki, Moskva girovların qaytarılmasını və ya dəyişdirilməsini istəyir.
“Azərbaycan və Ermənistan prezidentləri 2010-cu ildə Həştərxan görüşündə imzaladıqları sənədlə əsirlərin mübadiləsində mexanizm yaratmaq barədə öhdəlik götürüblər. Biz prezidentləri bu öhdəlikləri yerinə yetirməyə çağırırıq”, - deyə rusiyalı nazir qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Sergey Lavrov Rusiyanın bu münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu qeyd edib. O bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini davam etmək niyyətindədir. “Birgə bəyanatımızda vurğuladıq ki, münaqişənin ərazi bütövlüyünə hörmət, güc tətbiq edilməməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həllinin tərəfindəyik. Bu münaqişə çoxdan başlayan və mürəkkəb münaqişədir. Ona görə də həlli asan olmayacaq. Lakin biz sülh prosesini davam etdirmək və tərəflər arasında dialoqu inkişaf etdirmək arzusundayıq. İnanırıq ki, tərəflər də münaqişənin həlli üçün gərəkli addımlar atacaqlar. Biz həmsədr ölkə olaraq buna dəstək verməyə hazırıq”. - deyə o bildirib.