Üç rayonda Tibbi-Sosial Ekspert Komissiyalarının yeni binaları istifadəyə verilib
Dekabrın 5-də Göyçay, Ağsu və Kürdəmir rayonlarını əhatə edən 20 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) inzibati binasının açılış mərasimi keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, nazirliyin nəzdində 38 regional TSEK fəaliyyət göstərir və onların iş şəraitinin müasir tələblərə uyğun qurulması sahəsində müvafiq işlər görülür. Onun sözlərinə görə, 10 bölgə üzrə TSEK müasir iş şəraiti ilə təmin edilib: "Əlilliyin müəyyən edilməsində və əlillərin reabilitasiyasında ciddi islahatlar keçirilir. Bunlar ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Hüquqi normativ aktların qəbul edilməsindən, eyni zamanda müəssisələrin maddi texniki bazanın möhkəmləndirilməsindən ibarətdir".
Tədbir iştirakçıları yeni iş şəraiti, müayinə avadanlıqları, vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətləri ilə tanış olublar. Komissiya üzvlərinə əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili, müraciət edən hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılması, əlilliyi olan şəxslərin reabilitasiyası işinin gücləndirilməsi məqsədilə bərpa mərkəzləri ilə əlaqəli fəaliyyətin daha səmərəli qurulması barədə tapşırıqlar verilib.