PA sektor müdiri: “Azərbaycan erməni lobbisinin və daxildəki “5-ci kolon”un təsirinə məruz qalır”
"Azərbaycanın demokratik inkişafı ilə bağlı real vəziyyət beynəlxalq ictimaiyyətə təhrif olunmuş formada təqdim edilir, digər tərəfdən isə onların Ermənistan və erməni lobbisi ilə üst üstə düşən mövqeyi və bəzi istiqamətlər üzrə sinxron işbirliyi həm də ümummilli məsələlərin həllində Azərbaycanın milli maraqlarına zərbə vurur".
APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda keçirilən tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib: "Nəzərə alınmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və ermənilərin növbəti təxribatlar törədəcəyi heç də istisna olunmur. Digər tərəfdən, ermənilər indidən qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı bütün dünyada, o cümlədən qardaş Türkiyədə də geniş tədbirlər keçirməyə başlayıblar və şübhə yoxdur ki, bu məsələdən Azərbaycana qarşı da istifadə etməyə ciddi səy göstərəcəklər”.
Vüqar Əliyev ötən dövrdə bu məsələlərlə bağlı medianın fəaliyyətində də irəliləyiş müşahidə olunduğunu qeyd edib: “Ancaq bu, heç də problemlərin aradan qalxması anlamına gəlməməlidir. Bilirsiniz ki, ermənilər Azərbaycana qarşı informasiya təxribatını gücləndiriblər. Həm bu ölkənin informasiya resurslarında, həm də sosial şəbəkələrdə heç bir əsası olmayan, yalan məlumatlar yayırlar. Təəssüf ki, “5-ci kolon” adlandırdığımız qrup dağıdıcı və təxribatçı fəaliyyətini davam etdirir və Qərbdən daxil olan qrantları yumaq üçün bu cür anti-milli mövqe tutmaqdan da çəkinmir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu ilin avqustunda cəbhə xəttində baş verənlərdən sonra bir sıra KİV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq istiqamətində vəzifələrini layiqincə yerinə yetirə bilməyib. O bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəzifə qoyulub.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat" hazırlanaraq qoşunlara göndərilib: “Ölkə başçısının 24 sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədilə “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın layihəsi hazırlanıb. Layihə artıq hüquqi ekspertizadan keçirilib və Nazirlər Kabinetinə təqdim olunub".
“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı deyib ki, media vətənpərvər olmalıdır, biz hər şeydən əvvəl bu ölkənin vətəndaşıyıq. Onun sözlərinə görə, həm media, həm dövlət qurumlarının müvafiq xidmətinin rəhbərləri informasiyanın operativliyi üçün əməkdaşlıq etməlidirlər. V. Mahirqızı deyib ki, dünyanın aparıcı ölkələrində də informasiyanın yayılması, xüsusilə strateji informasiyaların yayılması üçün əsas tərəfdaş kimi informasiya agentlikləri seçilir. Şirkət rəhbəri mütəmadi olaraq informasiya mübadiləsi aparılması üçün bir işçi qrupunun yaradılmasını da təklif edib.
Tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib.