"Kəlbəcər girovları"nın ailələri mənzillə təmin olunacaq

“Ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün beynəlxalq təşkilatlara rəsmi müraciət göndərmişik”.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Baş nazirin müavini bəzi beynəlxalq təşkilatlardan müraciətə cavab gəldiyini də bildirib: “Həmin cavabların bəzilərində beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər də var, bəzilərində isə məsələyə müsbət yanaşılıb. Bəzi təşkilatlar ermənilərin bu əməllərini həqiqətən də pisləyir və qanunsuz hesab edirlər. Onların bu hərəkətini beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirənlər də var”.

 

Ə. Həsənov deyib ki, Azərbaycan vətəndaşları hüquqa zidd olan heç bir addım atmayıblar.

Onun sözlərinə görə, Azərbaycan prezidenti beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə bu məsələni qaldırıb, hazırda da girovların geri qaytarılması üçün lazımi işlər görülür: “Prezident İlham Əliyevin tapşırığı ilə mən onların ailə üzvləri ilə görüşmüşəm. Biz hər üç ailəni mənzillə təmin edəcəyik. Həmin ailələrin üzvləri ilə tez-tez görüşürük, onların qayğı və problemləri ilə maraqlanırıq, lazımi köməkliklər göstəririk və bu davam edəcək".

 

Komitə sədri girovluqda olan Şahbaz Quliyevin həyat yoldaşının işlə də təmin edildiyini də bildirib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov