Bakıda kütləvi reyd: 90 sürücü cərimələndi - REAL GÖRÜNTÜ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıblar. APA TV-nin məlumatına görə, təşkil olunan reyddə 40-dan çox yol patrul xidmətinin əməkdaşı iştirak edib. Reyd zamanı yol polisi tərəfindən çox ciddi qanun pozuntuları aşkarlanıb.

 

Paytaxtda icazəsinə verilən müddətin bitməsinə baxmayaraq qanunsuz olaraq, pərdə, jalüz və plyonkadan istifadə edən sürücülərə rast gəlinib. Həmin sürücülər saxlanılıb, maşında olan pərdə, jalüz və plyonkalar söküldükdən sonra cərimələniblər. 

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA TV-yə verdiyi məlumata görə, görüntünü məhdudlaşdıran vasitələrlə bağlı dəfələrlə tədbir görülsə də, günün qaranılıq vaxtlarında bu tipli avtomobillərə rast gəlmək mümkündür.

 

Reyd zamanı avtomobilin konstruksiyasını dəyişərək qanunsuz səsboğucularından və işiqlardan istifadə edən sürücülər saxlanılaraq cərimələnib, maşınları isə müvafiq qaydada cərimə meydançasına aparılıb.

 

Yol nişanlarının tələbini kobudcasını pozaraq, qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb olunublar. Polis əməkdaşları həmin sürücüləri müəyyən edərək onlar barəsində inzibati protokol tərtib ediblər.

 

Reyd zamanı yol polisinin qanuni "Dur!" əmrinə tabe olunmadan qaçan və yolda qəza vəziyyəti yaradan avtoxuliqanlar da saxlanılıb. Onların bəziləri yol polisindən qaçmağını hədsiz dərəcədə çox cəriməsinin olması ilə əlaqələndirib. Həmin sürücülər ifadələrini alınması üçün polis idarəsinə, maşınları isə cərimə meydançasına aparılıb. 

 

Qeyd edək ki, keçirilən reyd zamanı 16 avtoxuliqan, 40 sərxoş sürücü, 6 bayker saxlanılıb, 17 tabesizlik, 6 pərdə, 3 sənədsiz və 2 saxta nömrə ilə avtomobilin idarə edilməsi faktı aşkarlanıb.

 

BŞDYPİ-dən verilən məlumata görə, bu tipli reydlər bir neçə gün davam etdiriləcək.

 

Müəllif | Apa.Tv