Nazir Kəmaləddin Heydərov ATƏT-in Bakıdakı layihə əlaqələndiricisini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 5-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.

 

APA TV-nin məlumatına  görə, qonağa fəaliyyətində uğurlar arzulayan nazir K. Heydərov ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda o, nazirliyin ATƏT-lə əməkdaşlığı çərçivəsində fövqəladə halların idarə edilməsi, həmçinin, ətraf mühit və təhlükəsizlik üzrə layihələrin perspektivlərindən bəhs edib.

 

Öz növbəsində, A. Şahtaxtinski qeyd edib ki, Azərbaycanda fəaliyyəti dövründə ATƏT-in təşəbbüsü ilə həyata keçirilən layihələr üzrə nazirliklə uğurlu əməkdaşlığın davam etdirilməsi üçün səylərini əsirgəməyəcək.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv