Şirvan şəhərində seçki mövzusunda məlumat sessiyası keçirilib
Şirvan şəhərində “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda məlumat sessiyası keçirilib. APA TV-nın Mil-Muğan bürosunun məlumatına görə, Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən sessiyada 20 şəhər və rayon icra hakimiyyətlərinin başçıları və 31 dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirdə Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov məruzə ilə çıxış edib. O bildirib ki, ölkədə bütün dairə seçki komissiyaları üçün hər cür şərait yaradılıb.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə əlaqədar geniş məlumat verib. O qeyd edib ki, 1607 bələdiyyə yeri üçün 37 min 107 nəfər namizəd qeydə alınıb. Ümumilikdə 1607 bələdiyyəyə 15 min 32 nəfər bələdiyyə üzvü seçilməlidir. Bələdiyyə seçkilərinə 8 siyasi partiya qatılıb. Onlar namizədlərin 51,6 faizini təşkil edir. Seçkilərdə iştirak etmək istəyən vətəndaşların 59,5 faizi ali təhsillidir.
Ümumilikdə bu il fərdi qaydada irəli sürülən namizədlər 23 min 78 nəfər, təşəbbüs qrupları tərəfindən 109 nəfər və siyasi partiyalar tərəfindən 13 min 920 namizəd qeydə alınıb.