Sabah hava yağışlı olacaq
Bakıda güclü şimal küləyi əsir. Dekabrın 7-də şimal küləyi cənub küləyi ilə əvəzlənəcək. Günorta saatlarında isə cənub küləyi güclənəcək. Havanın temperaturu günorta saatlarında 6-9 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə deyib ki, bölgələrimizdə də dekabrın 7-də yağıntılı hava şəraiti müşahidə olunacaq. Dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Mərkəzi aran rayonlarında günorta saatlarında 5-10 dərəcə şaxta, dağlarda isə 0-5 dərəcə şaxta olacaq.
Dekabrın 8-9-da ölkə ərazində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Paytaxtda ayın 8-9-da dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq: "Gün ərzində əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu isə günorta saatlarında 7-10 dərəcə arasında dəyişəcək".
Bölgələrdə də gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Mərkəzi aran rayonlarında günorta saatlarında 6-11, dağlarda isə günorta saatlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti müşahidə olunacaq.