Rusiyanın Ukraynadan qaz ixracı üçün 378 milyon dollar aldığı təsdiqlənib

Rusiya mavi yanacaq üçün Ukraynanın "Naftoqaz" şirkətindən 378 milyon dollar aldığını təsdiqləyib. APA TV-nin xəbərinə görə, bu barədə "Qazprom" şirkətinin rəsmi nümayəndəsi Segey Kupryanov məlumat verib. Bu məbləğ Rusiyanın Ukraynaya qaz ixracı ilə bağlı qış paketinin birinci hissəsi üçün nəzərdə tutulub.

 

Daha öncə Ukrayna şirkəti də Rusiyadan 1 milyard kubmetr qaz almaq üçün "Qazproma" 378 milyon dollar ödəməsi barədə xəbər vermişdi. Xatırladaq ki, Rusiya qazının Ukraynaya ixracı Kiyevin borcu olması səbəbindən bu ilin iyunundan dayandırılmışdı. Qış üçün qaz təminatı məsələsi isə yalnız bu il oktyabrın 31-də həll olunub. Brüsseldə Rusiya, Avropa İttifaqı və Ukrayna üçlüyünün danışıqları zamanı 2015-ci ilin martına kimi qazın tədarükü və tranziti ilə bağlı razılaşma imzalanıb.

 

Razılaşmaya əsasən Ukraynaya verilən qazın qiyməti 2014-cü ilin sonuna kimi min kub metr üçün 378 dollar, 2015-ci ilin martına kimi isə 385 dollar təşkil edəcək.

 

Bu arada Polşa Ukraynaya kömür tədarük edəcəyi ilə bağlı bəyanat verib. Polşanın Ukraynadakı səfiri Henrik Litvinin sözlərinə görə, ölkəsi hələ ki çox olmasa da Ukraynaya kömürün daşınması işinə start verib.

 

Daha əvvəl isə Ukraynanın energetika və kömür sənayesi naziri Vladimir Demçişin Ukraynada kömürlə bağlı vəziyyətin gərgin olduğunu bildirib. Onun sözlərinə görə, Donetskin separatçıların əlində saxlanılan hissəsində çıxarılan daş kömürün hasilatı ilə bağlı problemlər yaranıb. 

Müəllif | Apa.Tv
Apa.tv