Zamanın keçmədiyi yer: Özlərini "ölü" adlandıranlar - HƏBSXANADAN REPORTAJ

Həbsxana. Zamanın ən çox duyulduğu yerdir bura. Bəlkə həbsxanalar həm də o yerlərdir ki, orda zamanla insan üz üzə qalır. APA TV-nin çəkiliş qrupu ilə məhbusların bir neçəsi ilə söhbət etdik. Dedilər ki, əslində məhbəsə düşmək diri-diri məzara girmək kimi bir şeydir. Açığı bir az qınadım həmsöhbətlərimdən birini. "Məni qınamayın" dedi. Ölüləri də ayda bir, ya iki ayda bir ziyarətə gedirlər. Bizdə də belədir. "İndi deyin görüm nə fərqimiz var?" sualına cavab verə bilmədim. 11 saylı cəzaçəkmə müəssisəsindəyik. Burda bir neçə sex fəaliyyət göstərir. Məhbuslar bu xırda  müəssisələrdə həbsdən sonrakı həyatlarını nisbətən yüngülləşdirməyə xidmət edə biləcək işlər görür, sənət öyrənirlər. Müxtəlif dəzgahlarda çalışırlar.  Sexlər sifariş də qəbul edir. Daha çox çarpayılar hazırlanır burada. Həbsxanada oyma sənəti ilə məşğul olmaq istəyənlərə də şərait yaradılıb.

 

Məhbuslar deyirlər ki, onlar bu işlə məşğul olanda zamanı hiss etmirlər. Zamanı hiss eləmək darıxdırıcıdır. "O üzdən işləyirik ki, həm darıxmayaq, həm də burdan çıxandan sonra kimsə bizə iş verməsə belə öz əlimizin sənəti ilə dolana bilək". Məhkum Allahyar Xəlilov da bu fikirdədir: "Mən burda zamandan ağır heç nə hiss eləmirdim. Oyma işi, həm də müxtəlif ölçülü gəmi fiqurları düzəltməklə başımı qatıram. Əslində məni heç ondan nə qazanıb qazanmadığım da maraqlandırmır. Vaxtım ötür, bir də öyrənirəm. Əsas olanı budur".

 

11 saylı müəssisədə yeni yaradılan bu sexdə birdəfəlik istifadə üçün sellofan torbalar hazırlanır. Sexdə Almaniyadan gətirilən texniki avadanlıq qurulub. Amma deyirlər ki, hələlik sifarişləri azdır. Sifarişlər o zaman gələcək ki, keyfiyyət müştəriləri qane edəcək. Və bir də digər müştərilərə də bu barədə məlumat veriləcək.  Hələliksə həm az-az qəbul edilən sifarişi yerinə yetirir, həm də yeni avadanlığın dilini daha yaxşı öyrənməyə çalışır məhbuslar. 11 saylı müəssisədə 100-dən çox məhbus sexlərdə əmək fəaliyyətinə cəlb olunub. Onlara gördükləri işin qarşılığımda məvacib də verilir. Onlar müəssisədəki sexlərdə çarpayılar, sellofan torbalar, oyma işləri, nərdtaxtalarla yanaşı həm də toxucu dəzgahları, sandıqlar, müxtəlif ölçülü şifonerlər düzəldirlər. "Bütün bunlar yaxşıdır, maraqlıdır, amma hələlik həbsxanada görülən işdir, əsas burdan azad olunandan sonrasıdır. Əgər azadlığa çıxanda nəyəsə nail ola bilmirsənsə, fərqi yoxdur içəridəsən, ya bayırda" deyirlər məhbuslar. Bu da yəqin ki, məhbus məntiqidir. Nə deyək, tezliklə istəklərinə çatsınlar. Azadlıqda çalışmaq istəklərinə...

 

Müəllif | Apa.Tv