Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində səhnəyə 6 min gənc çıxacaq

"Bakı-2015 Avropa Oyunları"nın açılış və bağlanış mərasimlərinin səhnə oyunlarına hazırlığa start verilib. Səhnədə eyni vaxtda 6 min gəncin çıxışı planlaşdırılır.

 

Səhnə oyunlarında çıxış etmək istəyən gənclər əvvəlcə "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin keçirdiyi seçimlərə qatılmalıdırlar. Burada fiziki görünüş, qismən musiqi duyumu və rəkq bacarıqları yoxlandıqdan sonra onlar möhtəşəm şounun iştirakçısına çevrilmək şansı qazanacaqlar.

 

APA TV-nin xəbərinə görə, açılış mərasiminin bədii direktoru Dimitris Papaioannou hazırda 20 min gəncin qeydiyyata alındığını və müsabiqədən keçəcək 6 min gəncin səhnəyə çıxacağını bildirib: "Ümumilikdə 18 min nəfərin seçilməsi nəzərdə tutulub. Bu gənclər təkcə səhnəyə çıxmayacaqlar, eyni zamanda konüllülər kimi yarışlara da köməklik edəcəklər".

 

“Bakı-2015”in mərasimlər üzrə direktoru Katerin Uqvu isə Azərbaycanın məşhur sənət adamları ilə işlədiklərini bildirib: "Bizim komandanın müxtəlif mədəniyyətləri tanıtmaq sahəsində çox böyük təcrübəsi var. Deyə bilərəm ki, biz milli elementləri saxlayacağıq. Açılış və bağlanışın ən maraqlı və unikal elementi onun sürpriz saxlanılmasıdır. İstəyirik ki, insanların gözləntiləri getdikcə artsın. Əminəm ki, məyus olmayacaqsınız”.

 

 Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə bildirib ki, "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsində ümumilikdə 1245 nəfər çalışır. İşçilərin 70 faizi yerlidir.

 

Müəllif | Apa.Tv