Bakıda xeyli saxta pul aşkarlanıb
Bakıda xeyli saxta pul aşkarlanıb. APA TV-nin məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində saxlanılıblar. Qadir Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb. Aparılmış əməliyyat tədbirləri ilə onların bu il noyabr ayının 23-də 28 May küçəsində banklardan birinə məxsus valyutadəyişmə məntəqəsinə gələrək, orada işləyən Fərid Məmmədova 200.000 rubl saxta əskinas verib 3075 manat almaları da müəyyən edilib.
Saxta pulları Rusiyanın paytaxtı Moskvadan Astaraya, oradan isə Bakıya Qadir Kərimov gətirib. Onun dediyinə görə, 450 min saxta rus rublunu yarı qiymətinə bir taksi sürücüsündən alıb: "Məcbur olub gətirmişik. Burda da valyutadəyişmədə dəyişmişik. 1 həftə-10 gün əvvəl olub. Dünən isə cibimizdə pulla tutulmuşuq".
Anar İbadov isə Astaradan gələn dostlarına sürücülük edib. Onun sözlərinə görə, saxta pul məsələsindən xəbərsiz olub: "Biri kəndlimdir, bir də sinif yoldaşım. Zəng elədilər ki, rayondan gəlirik, hava soyuqdur, gəl, bizi götür. Mənim xəbərim olmayıb bunların cinayətindən".
Dəstənin ən təcrübəli üzvü Valeh Babayevdir. Əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Valeh bu dəfəki həbsindən sonra çox rahat görünür: "Pulu vermişəm valyutadəyişməyə, qurtarıb gedib bu söhbət. Mən vermişəm".
Valeh Babayev saxta pul alveri ilə məşğul olmalarından, valyutadəyişmə məntəqəsinin əməkdaşını aldadaraq, ona külli miqdarda saxta pul satmaqlarından peşiman olmadığını deyir.
Faktla bağlı araşdırmalar davam etdirilir.