Bakıda yeni alınan mənzil yanıb


Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Elşad Süleymanov küçəsindəki 12 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində qeydə alınıb.

 

Binada təmir işləri aparılan mənzillərdən birində qəfildən yanğın başlayıb. Bina sakinlərinin verdiyi məlumata görə, mənzildə yaşayış olmayıb. Mənzil sahibləri təmir bitəndən sonra yeni evlərinə köçməyi planlaşdırırlarmış. Amma qəfil yanğın onların bu planına mane olub.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının qonşu mənzillərə keçməsi təhlükəsi olduğundan Sabunçu rayon yanğından mühafizə hissəsindən də əlavə qüvvələr köməyə göndərilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 87 kv.m olan 2 otaqlı mənzildə 20 kv.m sahədə əşyalar yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğının səbəbinə gəlincə, ilkin ehtimala görə, bədbəxt hadisə mənzildə işləyən ustaların diqqətsizliyi üzündən baş verib. Belə ki, ustalar evdə propan qazı ilə işləyən sobadan istifadə ediblər. Yanğının da sobadan başladığı bildirilir. Amma dəqiq səbəblər aparılan araşdırmalardan sonra məlum olacaq. 

Müəllif | Apa.Tv