Biləsuvarda qanunsuz ov edənlər saxlanılıb
Biləsuvarda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb. Onlardan ov tüfəngləri, xeyli sayda patron və ovlanmış çöl quşları tutulub. APA TV-nin cənub bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Mahmudçala ovçuluq təsərrüfatında keçirdikləri reyd zamanı qanunsuz ovla məşğul olan 3 nəfər rayon sakini saxlanılıb. Məlum olub ki, rayonun Xırmandalı kənd sakinləri İlham Mahmudov, Əli və Bakir Kazımov qardaşları ayrı-ayrı vaxtlarda gizli yollarla ov ediblər. Sonuncu dəfə ova gələn şəxslər elə ov başında ələ keçiblər. Saxlanılan zaman onların üzərində ov tüfəngi ilə yanşı 28 baş ovlanmış çöl quşu da aşkarlanaraq müsadirə olunub. İlkin araşdırma zamanı o da müəyyənləşdirilib ki, ov qaydalarını pozan şəxlərin üzərindəki ov tüfənglərinin sənədi yoxdur.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.