Tərtərdə iki "VAZ" toqquşdu: 6 yaralı

Borsunlu-Hindarx magistral yolunun Tərtər ərazisindən keçən hissəsində "VAZ" markalı iki minik maşının toqquşması nəticəsində 2-si ağır olmaqla 6 nəfər xəsarət alıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Tərtər rayonun Kolanı kəndi ərazisində qeydə alınıb.

 

Ağcabədi rayon Taynaq kənd sakini Səxavət Rüstəmovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını Tərtər rayon sakini Azər Haqverdiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106"-da olanlar - Ağcabədi rayon Taynaq kənd sakinləri Xəyalə Nuriyeva, Nazim Rüstəmov, Cəmilə Səfərova və sürücünün özü, digər avtomobildə olan Tərtər rayon Hacıqərvənd kənd sakinləri Azər Haqverdiyev və Təbriz Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan ikisinin vəziyyəti ağırdır.

 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv