DİN: Yəhudi İcması rəhbərinin evinə basqın edənlər yaxalanıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə edilən basqınla bağlı məlumat yayıb.

 

APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, dekabrın 6-da saat 06.00 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk edib.
 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq)  maddəsi ilə cinayət işi başlanıb.


Həyata keçirilən tədbirləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar.  
 

Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv