Azərbaycandan Rusiyaya gedən bəzi qatarların hərəkəti dayandırılır

Dekabrın 16-da Şimal istiqamətdə hərəkət edən “Rusiya Dəmir Yolları” ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.


“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentindən bildirilib ki, “Rusiya Dəmir Yolları” ASC-nin məlumatına əsasən, dekabrın 16-dan etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, dekabrın 18-dən etibarən 374/373 №-li Tümen-Bakı, dekabrın 20-dən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.

 

APA TV-nin xəbərinə görə, Departament sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər  sərnişin qatarlarına bilet satışı Bakı sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcək.

 

QSC-yə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə 4 gündən bir – cədvəl üzrə - hərəkətdə olacaq.

Müəllif | Apa.Tv
Apa.tv