MTN narkotiklərin daşınması marşrutlarını açıqladı
"Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir neçə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunub".
APA TV-nin xəbərinə görə, bunu "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.
Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır. Əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün də mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır. Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb.
Ә.Şəfiyev bildirib ki, gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda ailə və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır. Nazir müavininin sözlərinə görə, Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq və normaların prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlər qeyd olunmalıdır. Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi, həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb.