Bahar Muradova: "Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır"
"Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır".
APA TV-nin xəbərinə görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin etirazla qarşılanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu səbəbdən istər ölkə içərisində, istər ölkədən kənarda bununla bağlı açıqlamaların, şərhlərin, siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil: "Bu istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik də bu, cəmiyyət üçün o qədər maraqlı məsələdir ki, kimsə kimdənsə nəyə görəsə narazıdır? Bu, onların problemidir. Azərbaycanda minlərlə cinayət hadisəsi baş verir ki, cəmiyyət onunla bu qədər maraqlanmır. Nəinki cəmiyyət, o cümlədən xarici dairələr və ABŞ Dövlət Departamenti bu məsələlərin olub-olmaması ilə bağlı heç narahat da olmur".
Vitse-spiker məsələyə bu cür ifrat yanaşmanı təəccüblü hesab edir. O, bu cür addım atanların müvafiq qurumların işini görməyə mane olduğunu bildirib.