Nazir müavini: “Azərbaycan-Rusiya sərhədinin demarkasiyası bir neçə il çəkəcək”
"Dekabrda Bakıda keçirilməsi planlaşdırılan Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun iclası təxirə salınıb".
APA TV-nin xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib. Buna bütün heyətlərin iş cədvəlində dəyişikliyin səbəb olduğunu deyən nazir müavini tədbirin keçirilməsi ilə bağlı gələn ilin yanvar-fevral aylarında dəqiqləşdirmələr aparılacağını qeyd edib: "Həştərxan sammitində dövlət başçılarının yekdil qərarı ilə nəzərdə tutulub ki, 2 ildən sonra Qazaxıstanda sammit keçirilsin. Təbii ki, Qazaxıstan Respublikası bu tədbirin keçirilməsi üçün müvafiq səylərini göstərəcək, təşəbbüslə çıxış edəcək. Düşünürəm ki, bütün Xəzəryanı ölkələr bu tədbirlər çərçivəsində fəaliyyətini davam etdirəcək."
Nazir müavini Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası məsələsinə toxunaraq bu sahədə delimitasiya məsələsinin başa çatdığını və müqavilənin imzalandığını qeyd edib. Hazırda müqavilənin tələblərinə uyğun olaraq hər iki dövlət sərhədlərin demarkasiya işini aparır: "Bilməlisiniz ki, bu fəaliyyət uzunmüddətli fəaliyyətdir. Rusiya-Azərbaycan sərhədlərinin uzunluğuna görə bu fəaliyyət bir neçə il davam edəcək və bu illər ərzində dövlət komissiyası daim fəaliyyət göstərəcək".
Xələf Xələfov Gürcüstanla Azərbaycan arasında sərhədlərinin delimitasiyası prosesinin aparıldığını qeyd edib. Onun sözlərinə görə, dövlət sərhəd xəttinin böyük hissəsi komissiyalar səviyyəsində razılaşdırılıb: "Üçdə bir hissəsini razılaşdırmağa ehtiyacı qalmaqdadır. Biz bu işi davam etdiririk".
Nazir müavininin sözlərinə görə, üçdə bir sərhəd xəttinin razılaşdırılması ilə bağlı işçi qrupu gələn il də işini davam etdirəcək.