Draqana Filipoviç: "Azərbaycanda seçki sahəsində böyük irəliləyiş əldə olunub"

“Prezidentin tələbidir ki, seçki prosesinə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qarışmasının qarşısı ən kəskin şəkildə alınsın. Prezidentin tapşırığı ilə Dairə Seçki komissiyalarına normal iş şəraiti yaradılmasına xüsusi diqqət yetirilib, komissiyalar normal avadanlıqlarla təmin olunub.”

 

APA TV-nin xəbərinə görə, bBunu bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Bakı Ofisinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda İcra Hakimiyyəti başçıları və Dairə Seçki komissiyalarının sədrləri üçün keçirilən informasiya sessiyasında Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov söyləyib: “Son 10 ildə Azərbaycanda seçki qanunvericiliyi təkmilləşdirilib. 2013-cü ildəki prezident seçkiləri demokratik və xalqın dəstəyi ilə keçirilməsi ilə tarixdə gözəl bir səhifə yazdı. İstər yerli, istər də beynəlxalq müşahidəçilər bu seçkini demokratiya yolunda nailiyyət kimi qiymətləndirdi”.

 

Hüseyn Mövsümov Azərbaycanda seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yerin müəyyən edildiyini deyib.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlərin seçicilərlə görüşü və təşviqat üçün bütün şərait yaradılıb və indiyə qədər bu sahədə komissiyaya shər hansı şikayət daxil olmayıb: "Seçki prosesində bəzi öyrədilmiş şəxslərin seçki prosesinə kölgə salmağa cəhd etməsi halları  ola bilər. Təsadüfən kimsə hansısa səhv hərəkətə yol verə bilər və bundan bəhanə kimi istifadə edə bilərlər. Elə bəhanələrin olmamasına çalışmalıyıq. Çünki Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunur, seçkinin nəticələri heç vaxt şübhə doğurmayıb”.

 

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç isə qeyd edib ki, seçki sahəsində Azərbaycanda böyük irəliləyiş əldə olunub: "Avropada yerli özünüidarəetmə orqanlarına etimad azalır. Hazırda Avropada yerli özünüidarəetmə orqanlarına etimad 50 faiz təşkil edir. Ona görə də Avropa Şurası yerli və regional idarəetmə orqanları ilə əlaqələri gücləndirməyə çalışır”.

 

Draqana  Filipoviç bildirib ki, Avropa Şurası seçki qanunvericiliyi ilə bağlı Venesiya Komissiyasının tövsiyələrinə diqqətlə yanaşır. O, Azərbaycan və Avropa Şurası arasında 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planı həyata keçirildiyini söyləyib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı