Ucarda yanan evdən meyiti tapılan qadının öldürüldüyü məlum olub
Ucar rayonunda yanmış mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi aşkarlanıb. Baş Prokurorludan APA-ya bildirilib ki, Ucar rayon sakini Qənirə Həsənovanın meyitinə baxış keçirilərkən onun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkarlanıb və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, dekabrın 6-da Ucarda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti 10 kv.m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin qismən yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.