Komitə sədri: "Bəzən qadın və uşaqlar zərərli vərdişlərə məcbur edilirlər"
"Təəssüf ki, bəzən qadınlar və uşaqlar zərərli vərdişlərə məcbur edilirlər". APA TV-nin xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, bu şəxslər həm də insan alverinin, məişət zorakılığının qurbanına çevrilirlər. Risk qrupuna daxil olan qadın və uşaqlar arasında maarifləndirmə işinin aparılması vacibdir: "Narkotik təkcə onu qəbul edən adamı məhv etmir. Ailənin digər üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi problemlərlə dünyaya gəlirlər. Narkomaniya məişət zorakılığı, cinayətlərin artmasına və genefondun zəifləməsinə gətirib çıxarır".
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, xüsusən qadın və uşaqları narkomaniyadan çəkindirmək ictimai sifarişdir və bu məsələ cəmiyyətin, dövlətin qarşısında durmaqdadır.
Onun sözlərinə görə, son dövrlər Azərbaycanda insan hüquqlarının qorunması sahəsində böyük uğurlar əldə olunub. Müəyyən çatışmazlıqlar ola bilər, amma əsas odur ki, Azərbaycanın apardığı siyasət bu problemlərin həlli üçün möhkəm baza yaradıb.
Milli Məclisin vitse-spikeri Bahar Muradovanın sözlərinə görə, münaqişə bölgələrinin sayı artdıqca bu kimi problemlər dünyada daha da genişlənir. O bildirib ki, ötən əsrin 80-90-ci illərində Azərbaycan münaqişəyə cəlb olunduqdan sonra bu problemlərlə qarşılaşmasına baxmayaraq, həyata keçirilən hüquqi mexanizmlər və qanunvericilik bazası bu sahədə ciddi addımların atılmasına şərait yaradıb.