Hamının gözlədiyi avtobuslar BAKIDA

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta 50 yeni avtobus gətirilib. APA TV-nin xəbərinə görə, Türkiyədə istehsal olunan avtobuslar bir neçə xüsusiyyətə malikdir.

 

Bu avtobusun özəlliklərindən biri budur ki, sağlamlıq imkanları məhdud olan şəxslər üçün imkanlar yaradılıb. Belə ki, avtobus hər dəfə dayananda aşağı enir və sakinlər rahatlıqla avtobusa minirlər.

 

Nəqliyyat vasitəsinin daha bir özəlliyi odur ki, burada sağlamlıq imkanı məhdud olan insanlar üçün ayrıca oturacaqlar hazırlanıb. Həmçinin yaşlılar, uşaqlar və ev heyvanları üçün də oturacaqlar var.

 

Avtobusun "qara qutu"su da mövcuddur. Həmçinin sürücünün sürət həddini keçməsini qeyd edən cihaz da quraşdırılıb.

 

Təhlükəsizliyə nəzarət etmək üçün burda 4 kamera quraşdırılıb. Onlardan biri sürücüyə nəzarət edir, salonda quraşdırılan 4 kamera sərnişinləri, biri isə qarşı tərəfi müşahidə edir.

 

Hələlik avtobuslar 65 nömrəli marşrut xətti üzrə 9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində hərəkət edəcək: "Avtobusda görüntülü və səsli kamera var. Kondisioner və istilik sistemi var, şüşələri isə günəş şüalarını içəri buraxmır. Ekoloji cəhətdən sərfəli olan bu avtobus "Avro-5" standartına uyğundur. Avtobuslar qapısı bağlanmadan hərəkət etmir".

 

Üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Qalan 150 avtobus isə 2015-ci ildə ölkəyə  gətiriləcək. Ümumilikdə Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv