Tovuzda avtomobil aşıb, 4 nəfər ağır yaralanıb

Tovuz rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Səlim Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və sərnişinlər, Ağstafa rayon sakinləri - 1991-ci il təvəllüdlü Roman Nəcəfov, 1989-cu il təvəllüdlü Vüsal Hüseynov və hələlik kimliyi məlum olmayan 30-32 yaşlarında qadın müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər qadının kəllə beyin travması aldığını, hazırda özündə olmadığını bildiriblər.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli