Cəlilabadda "VAZ-2107" iki piyadanı vurub
Cəlilabadda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayon Kövüzbulaq kənd sakini, 1979-cu il təvəllüdlü Abdinov Mahir Tahir oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib, kənd sakini 1973-cü il təvəllüdlü Məhərrəmov Səttar Heydər oğlunu və Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Kərimov Azad Əvəz oğlunu vurub.
Mərkəzi Rayon Xəstəxanasına aparılan yaralılara tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib.
Baş vermiş faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.