Çelyabinskdə təcridxanada qiyam: təqsirləndirilənlər qarışıqlıq yaratdılar

Rusiyanın Çelyabinsk şəhərində 1 saylı istintaq təcridxanasında yüzə yaxın saxalanılan qiyam qaldırıb. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, mobil telefon aşkarlanan təqsirləndirilən  şəxslərdən biri kameradan çıxmaqdan imtina edib və digər təqsirləndirilənləri onu dəstəkləməyə çağırıb. Həmin şəxsdən xəbər çıxmadığını görən digər saxlanılan şəxslər qapıları döyəcləməyə, dəhlizə su axıtmağa, döşəkləri yandırmaqla tüstülənmə yaratmağa və müəssisə rəhbərliyinə itaətsizlik nümayiş etdirməyə başlayıb. Aksiyaya 30 kamerada saxlanılan 100-dək şəxs qoşulub, 8 nəfər özünə xəsarət yetirib. Onlara ilkin tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları saxlanılan şəxslərə fiziki güc tətbiq edilmədiyini bildirib.

 

Hüquq müdafiəçiləri isə bildiriblər ki, qiyama səbəb dekabrın 8-də saxlanılanlara yemək, dərman verilməsinin və kameraların qızdırılmasının dayandırılması olub.

 

Analoji hadisə Türkiyədə, Əskişəhərdəki həbsxanada da baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, saxlanılan şəxslər və məhkumlar şəraitsizliyi bəhanə edərək yataq və örtükləri yandırıblar. Yanğın həbsxananın işçiləri tərəfindən söndürülüb. Baş verən yanğından halı pisləşən 11 məhkum xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin normal olduğu bildirilir. Məhbuslar hadisə yerində çəkiliş aparan jurnalistlərə həbsxanada onlara işgəncə verildiyini deyiblər. 

Müəllif | Apa.Tv
Apa.tv