Saxlanılan şəxs: "Silahı yoldan tapmışam"
Bakıda saxlanılan Yevlax rayon sakinindən odlu silah aşkarlanıb. APA TV-nin məlumatına görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin, Post Patrul Xidməti Bölüyünün və 35-ci Polis Bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonu N. Tusi küçəsində Şirinzadə Fəxri Bəhruz oğlu saxlanılıb. Onun üzərindən bir ədəd çarxlı, üstündə heç bir yazısı olmayan "Naqan" tipli barabanlı tapança və iki ədəd patron aşkar edilib. Həmçinin Fəxri Şirinzadənin N. Tusi küçəsində yerləşən ərzaq məhsulları mağazasından 350 AZN dəyərində ərzaq məhsullarını oğurlaması məlum olub.
Təqsirləndirilən şəxs silahı Yevlaxdan gələndə yoldan tapdığını deyir: "Yevlax şəhərindən gələndə silah tapmışdım. Üzərimdə idi. Qalmağa yerim yox idi. Gecə vaxtı oldu, acdım, pulum qurtarmışdı. Ət dükanına girdim. Ordan ərzaqlar götürdüm ki, istifadə edim. Həmin vaxt polislər tərəfindən tutuldum. Silahı da başıma dərd açmamaq üçün polislərə təhvil verdim".
Faktla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir.