Politoloq: "Rusiya Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirsə..."
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirsə, bunun üçün unikal şans yaranıb".
APA Tv-nin xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərini şərh edən ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya Türkiyə və Azərbaycanla əməkdaşlığın yüksək səviyyəyə çatdırmaq istəyirsə, Ermənistana təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışmalıdır: "Bu, Rusiyanın ona görə xeyrinədir ki, Türkiyə və Azərbaycan kimi real müttəfiq qazana bilər. Azərbaycana ona görə xeyirlidir ki, ərazi bütövlüyü, suverenliyi təmin olunacaq".
Rusiya-Türkiyə yaxınlaşmasının Cənubi Qafqaza nə kimi təsiri ola biləcəyini şərh edən politoloq bu enerji əməkdaşlığının Azərbaycana mənfi təsir edə biləcəyi ilə bağlı fikirləri düzgün hesab etmir.
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Öncü Keçəli Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətlərin Rusiyaya qarşı sanksiyalardan öncə də yaxşı olduğunu deyib. İki ölkə arasında ticarət dövriyyəsinin 32 milyard dollar olduğunu deyən müşavir qarşılıqlı yatırımlarınsa 10 milyard dollar təşkil etdiyini vurğulayıb.
Amma buna baxmayaraq Rusiya ilə Türkiyə arasında Suriya, Ukraynanın Krım məsələsi ilə bağlı fikir ayrılıqları var. Qaz sahəsindəki anlaşma isə hələ ki niyyət protokoludur və bunun hansı müddətə reallaşacağı məlum deyil: "Türkiyənin neft şirkətləri TAP və TANAP layihələrinə ortaqdır".
Öncü Keçəli bildirib ki, Türkiyə tək Rusiya ilə deyil, bütün ölkələrlə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini müzakirə predmetinə çevirir.