Ağac üzərində möcüzə yaradan oymaçı: "Hər ustanın gizli emblemi var"

İsmayıllı sakini ağac üzərində oyma üsulu ilə möcüzə yaradır. Yerli və xarici turistlərin ən çox səfər etdiyi rayonlardan olan İsmayıllı füsunkar təbiəti ilə yanaşı qədim xalq sənətkarlıq nümunələri də qonaqların diqqətini cəlb edir.

 

Oymaçı Qəhrəman Adıgözəlov APA TV-yə deyib ki, bu sənətə lap kiçik yaşlarından başlamıyıb: "Uşaqlarla heyvan otaranda onlar "çiling ağac", "ənzəli", "gizlən-qaç" oynayırdı, mən isə dəhrə ilə fiqur yonurdum. Çox fərqli şeylər alınırdı. Uşaqlar çox maraqla baxırdı. Novruza yaxın toyuq yumurtası yonurdum. Yumru olduğu üçün onu dəhrə ilə yonmaq çətin olurdu. Buna görə dəhrəni yaxşı itiləyirdim. Sonra taxta yumurtanın üstündə uşaqlar dalaşırdılar".

 

Qəhrəman usta hər gün evindən çıxaraq, yaxınlıqda olan emalatxanasına üz tutur. Gününün bir neçə saatını burada ağac üzərində oyma işləri ilə keçirən müsahibim deyir ki, o, 1976-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu sənətə yiyələnib.

 

İsmayıllını yerli və xarici turistlərə özünəməxsus tərzdə təqdim edən Qəhrəman usta bir çox insanın lazımsız kötük və ya odun parçası kimi baxdığı bir ağacdan maraqlı sənət əsəri yaradır:

 

"Bu sənət elədir ki, rəssamlığı bilməlisən. Çünki elə ornamentlər var, onlardan baş çıxarmaq lazımdır. Dünya xalqlarının atributlarını bilməlisən və hansısa naxışa baxanda anlamalısan ki, bu hansı xalqındır. Onları çəkməyi bacarmaq lazımdır. Bu işdə riyaziyyat, həndəsə elmi vacibdir".

 

O, əlinə keçən yararsız qoz və şabalıd ağacından qiymətli əşyalar düzəldir. Usta hər cür məişət əşyası, milli atribut və ya hansısa şirkətin loqosunu düzəldə bilir. Çünki o, ağaca baxarkən onun içində gizlənən sənəti görür.
 

Ustanın ağac üzərində oyma ilə yaratdığı qartal, qlobus, mücrü, nərd, leylək, güldan, Azərbaycanın xəritəsi, kitab, minarə və yüzlərlə digər suvenir insanı təəccübləndirir.

 

"İki övladım var. İkisi də ali təhsillidir. Onlar bu sənəti bilir, ancaq işləmirlər. Sənət dar günün dayağıdır. Ali təhsilli də olsan da, bir sənət bilməlisən. Oyma işi ilə çox ölkədə məşğul olurlar. Hazırda dünyada bu işi kompüterlə görürlər. Ancaq əl işinin yerini vermir. Mən yaxşı bir iş ortaya qoyanda çox arxayın oluram".

 

40 ilə yaxındır ki, bu sənətlə məşğul olan oymaçı əl işlərinə görə müxtəlif mükafatlara layiq görülüb. İndiyədək ərsəyə gətirdiyi əsərlərin sayını itirdiyini bildirən Qəhrəman usta çətin və şərəfli peşə olan ağacoyma sənətinin gələcəkdə İsmayıllı rayonunda yaşadılması üçün onun sirlərini bir neçə nəfərə, eləcə də oğluna öyrətdiyini qeyd edib. Respublikada keçirilən xalq sənətkarlığı ilə bağlı sərgilərin demək olar ki, hamısında onun əl işləri nümayiş olunur: "Bu sənət heç vaxt itməz. Çünki bu tarixdir. Biz Qobustandakı qaya rəsmlərinə baxıb onların yaşayışını bilirik. Bizim işlərimiz də tarixdir. Hər ustanın da öz emblemi var. Gizlin də olsa, onu işin üzərinə qoyuruq. Yəni, mənim işimdir bu. Rəqəmlərlə sözlər yazırıq. Ancaq baxan elə bilir ki, adı işarələrdir qoyubsan".

 

Qəhrəman usta  şəxsi emalatxanasında hazırladığı suvenirləri çox az halda satışa çıxarır. O, hazırladığı bütün əşyaların əziz olduğunu, bəzi əşyaları isə daha maraqlı olduğu üçün satmaq istəmədiyini, ona görə də üstünə qiymət qoymadığını bildirib.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov