Samir Şərifov neftin 40 faiz ucuzlaşmasından danışdı
"Neftin qiymətinin qısa müddətdə 40 faiz enməsi və xammal bazarlarında qeydə alınan qeyri-sabitlik hökumət tərəfindən ciddi şəkildə araşdırılır. Araşdırmaların nəticəsinə uyğun müvafiq tədbirlər görüləcək".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov bildirib. Nazir fikrincə, aparılan hesablamalar göstərir ki, neftin qiymətinin ucuzlaşması bilavasitə dövlət büdcəsinin gəlirlərinə mənfi təsir etməyəcək:
"Neftin qiymətinin yenidən baxılması büdcə gəlirləri üçün vacib məsələ deyil. Çünki dövlət büdcəsinin gəlirləri müəyyən mənada sığortalanıb".
Neftin ucuzlaşmasının hazırda ölkədə aparılan infrastruktur layihələrinin ləngiməsinə səbəb olması ehtimalına gəlincə nazir hesab edir ki, bu barədə proqnoz vermək hələ tezdir. Lazım gələrsə, dövlət tərəfindən müvafiq addımlar atılacaq.
Sığorta sektoru barədə danışan nazir deyib ki, Dövlət Sığorta Agentliyi bu sahəyə ciddi nəzarət edir.