ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi şübhəlilərə işgəncə verib - HESABAT
11 sentyabr terror aktları ilə qlobal müharibə çərçivəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi şübhəliləri həddindən artıq qəddar dindirmələrə məruz qoyub, Amerika xalqını istifadə olunan üsullarla bağlı aldadıb. Müxtəlif ekspertlər, ictimai xadimlər və siyasətçilər bu üsulları əvvəlcədən işgəncə adlandırırdılar.
APA TV-nin xəbərinə görə, senatın 2009-2012-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin dindirmə üsullarını araşdıran kəşfiyyat üzrə komitəsinin hesabatı bu rəylə başlayır. 6000 səhifəlik hesabatın yalnız 500 səhifəsi, senatorların rəy və arqumentlərinin isə 93 faizi ictimaiyyətə açıqlanıb.
Komitənin rəhbəri, demokrat senator Dayenn Faynstayn bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin 10 il əvvəlki fəaliyyəti Amerikanın dəyərlərinə və tarixinə ləkədir.
Senatorlar hesab edirlər ki, Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncələri hər hansı real terror aktının qarşısını almayıb, aparıcı terrorçuların, o cümlədən, Üsamə bin Ladenin tutulması və ya məhvinə birbaşa yardım etməyib. Hesabatda dindirmələri aparanların qeyri-peşəkarlığı, eləcə də, 2002-2007-ci illərdə mövcud olan proqrama nəzarətin zəifliyi vurğulanır. Senatorların fikrincə, dindirmələr rəsmi şəxslərə və Amerika xalqına açıqlandığından daha artıq qəddar xarakter daşıyıb.
2009-cu ildə prezidentliyə başladıqdan sonra proqrama son qoyan Barak Obama hesabat açıqlandıqdan sonra bəyan edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin metodları Amerika dəyərlərinə ziddir və ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurub.