Çempionlar Liqasında "Real Madrid"dən yeni rekord

Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start verilib. APA TV-nin məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma ilə 4 qrupda mübarizəyə yekun vurulub. Bu görüşlər 1/8 finala daha 3 vəsiqənin sahibini müəyyənləşdirib.

 

APA TV-nin xəbərinə görə, Madrid "Real"ı bütün turnirlərdə qələbə seriyasının müddətinə görə "Barselona"nın rekordunu təzələyib. Çempionlar Liqasının VI turunda Bolqarıstanın "Ludoqorets" klubu üzərində qələbə Karlo Ançelottinin komandası üçün dalbadal 19-cu olub. Bu oyunda "Real" Bolqarıstan klubunun qapısından dörd cavabsız top keçirib. Qarşılaşmada Kriştianu Ronaldu, Qaret Beyl, Alvaro Arbeloa və Alvaro Medran fərqləniblər. Bu oyunda Ronaldu Çempionlar Liqasındakı 72-ci qolunu vurub və qollarının sayında "Real"ın keçmiş kapitanı Raula çatıb.

 

"Bazel" "Liverpul"la 1:1 hesablı hesablı heç-heçə edib və növbəti mərhələyə vəsiqə qazanıb. Qarşılaşmada hesabı "Bazel" açıb. "Liverpul" isə bərabərlik qolunu oyunun sonunda kapitan Stiven Cerardın sayəsində vurub. Beləliklə, "Liverpul" Çempionlar Liqasında mübarizəni dayandırıb.

 

***

 

"Atletiko" və "Yuventus" arasındakı qarşılaşma qolsuz heç-heçə ilə bitib. Bu nəticə hər iki komandanı növbəti mərhələyə çıxmasına kifayət edib. "Atletiko"ya xal sayına görə yalnız "Olimpiakos" çata və öz aralarındakı görüşlərin nəticələrinə görə onu üstələyə bilərdi. Lakin madridlilərin "Yuventus"la oyunda qazandığı 1 xal buna imkan verməyib.

 

"Olimpiakos isə "Malmö"nü 4:2 hesabı ilə məğlub edib. 22-ci dəqiqədə "Olimpiakos"un ispaniyalı hücumçusu David Fuster hesabı açıb. İlk hissə Yunanıstan klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İsveçlilər hesabı Simon Kronun qolu ilə ikinci hissədə bərabərləşdiriblər. Lakin Alexandro Dominqes yunanları yenidən hesabda çıxarıb. "Malmö" hesaba bir daha tarazlıq gətirsə də, oyunun son üç dəqiqəsində "Olimpiakos" qələbə qollarını vura bilib. Yunanıstan klubu qrup mərhələsini 9 xalla bitirib və mübarizəni Avropa liqasında davam etdirəcək.

 

***

 

Leverkuzen "Bayer"inin "Benfika" ilə qarşılaşmasında qapılara qol vurulmayıb. Sonuncu tura qədər lider kimi gələn "Bayer" son anda birinciliyi əldən verib. Almaniya klubu liderliklə yanaşı, türk əsilli müdafiəçisi Ömər Toprağı da itirib. O, qarşılaşmanın 90-cı dəqiqəsində qırmızı kartla meydandan qovulub.

 

C qrupunda liderliyi "Monako" ələ keçirib. Fransa klubu son turda Rusiya "Zenit"i ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə qrupda lider dəyişikliyinə səbəb olub. "Zenit" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

***

 

"Qalatasaray"ın mübarizə apardığı D qrupundakı qarşılaşmalar yalnız birinci və ikinci yerlərin sahiblərinin müəyyənləşməsi baxımından əhəmiyyətli olub. Qrupun lideri "Borrusiya"nın "Anderlext"lə qarşılaşması 1:1 hesablı heç-heçə ilə bitib. Paralel oyunda "Arsenal" "Qalatasaray"ı məğlub etsə də, öz aralarındakı qarşılaçmaların nəticəsinə görə "Borrusiya" 1/8 finala qrup lideri kimi vəsiqə qazanıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv