Atəşkəs 47 dəfə pozulub, təmas xəttində monitorinq keçiriləcək
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub
Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 11-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.