Permdə azərbaycanlının başçılıq etdiyi cinayətkar dəstə ələ keçib

Rusiyanın Perm vilayətində heroin alveri edən dəstə ələ keçib. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, 7 nəfərlik cinayətkar dəstənin başçısı azərbaycanlıdır. Məlum olub ki, Azərbaycan vətəndaşı narkotik maddəni Permdə əldə edib sonra isə Lısevo şəhərinə gətirərək satış məqsədilə digər dəstə üzvlərinə paylayıb. Onlar isə heroini xırda ticarətçilərə 20-50 qram arası satıblar. Narkotacirlər təsadüf nəticəsində yaxalanıblar. Onlardan birinin avtomobili yol polisi tərəfindən saxlanılıb. Şübhəli sürücünün üzərinə baxış zamanı 25 qram heroin aşkar edilib. Daha sonra polis Lısevoda əməliyyat keçirib və sonradan dəstənin üzvləri olduqları sübuta yetirilən ata və oğul da öz avtomobillərində saxlanılıblar. Onların da üzərindən narkotik aşkarlanıb. Bundan əlavə narkoşəbəkənin üzvləri olan ər-arvad da tutulub. Davam etdirilən əməliyyat nəticəsində dəstənin başçısına ən yaxın olan şəxs də ələ keçib. Ondan külli miqdarda narkotik götürülüb. Sonda isə Lısevonun Maxovlyana kəndində yaşayan dəstənin başçısı yaxalanıb. Onun evinə baxış zamanı qaz sobasının içindən 150 qram heroin tapılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv