Narkotik almaq üçün quldurluq etdi: "Dedim ki, xəcalətindən çıxaram"

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, 33 yaşlı Vahid Nuriyevi şübhəli şəxs qismində saxlayıblar. Onun üzərindən 2 kq 700 qr  qurudulmuş marixuana aşkarlanıb. APA TV-nin xəbərinə görə, saxlanılan şəxs bunları deyib: "Zaqataladan Əli adlı birisi vardı, bilirdi ki, çəkirəm. Mənə gətirdi, 1000 manat istədi, sonra 500 manata razılaşdıq. Yola təzəcə çıxmışdım ki, polislər tutdular".  

 

Onun sözlərinə görə, aldığı narkotik vasitəni satmaq niyyəti olmayıb. Hər gün qəbul etdiyindən və ucuz düşdüyü üçün alıbmış. Narkotik vasitəni 3 ilə yaxındır, istifadə edir. Orta hesabla psixotrop maddələrə gündə 25-30 manat xərcləyirmiş.

 

Nəsimi PPİ əməkdaşlarının saxladığı Yasamal rayon sakini, 41 yaşlı Nemət Əli oğlu Şükürov isə sərnişin kimi əyləşdiyi taksidə sürücünü ölümlə hədələyib 100 manatını almaqda təqsirləndirilir. Onun narkotik vasitəyə olan tələbatını quldurluq yolu ilə əldə etdiyi pulla ödədiyi müəyyənləşib. O, daha öncə 2 dəfə məhkumluq həyatı yaşayıb: "Canım ağrayırdı , dözə bilmirdim. Xəstəyəm, narkotik istifadəçisiyəm. Aldım sürücüdən, dedim ki, xəcalətindən çıxaram".

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv