Hadı Rəcəbli: "Azərbaycanda 18 min şəhid ailəsi var"
Bakıda Ombudsman Aparatının təşkilatçılığı ilə “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda konfrans keçirilib. APA TV-nin xəbərinə görə, Azərbaycanda insan hüquqlarının qorunmasına yüksək diqqət göstərildiyini deyən ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycan yeganə ölkədir ki, burada 18 iyun - Milli İinsan Hüquqları günü qeyd olunur. Ombudsman bildirib ki, ölkədə hər bir kəs üçün bərabər imkanlar yaradılıb, hüquqlar təmin edilib: "Bilirsiniz ki, insan hüquqları özü-özlüyündə çox həssas mövzudur. Həm də hər bir dövlətin inkişaf yolunda olduğunu göstərən amillərdən biridir".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk qeyd edib ki, beynəlxalq təşkilat yaranan gündən insan hüquqlarının müdafiəsini təşkil edib. Onun sözlərinə görə, Azərbaycanda da insanların hüquqlarının və azadlıqlarının qorunması məqsədilə bir sıra işlər görülüb, fəaliyyət proqramları hazırlanıb. O əlavə edib ki, hazırda Azərbaycanla BMT arasında 2016-2020-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq çərçivəsində iş aparılır. Millət vəkili Hadı Rəcəbli bildirib ki, bəzən qanunlarda hansısa boşluq olanda icrada problem yaranır. Əsas məqsəd qanunların daha kəskin hazırlanması və yerlərdə onun icrasına nəzarətin həyata keçirilməsidir: "Azərbaycanda Qarabağ münaqişəsinin nəticəsi olaraq, təxminən 18 min şəhid ailəsi mövcuddur. Bunlar hamısı keçid dövrünün məhsuludur. Bu dövrdə ilk addımlar atmaq, İnsan Hüquqları Konvensiyasına qoşulmaq, qanun qəbul etmək olduqca çətin idi".
Tədbirin sonunda Ombudsman Aparatının ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb.