Nazir: "Qarabağın inkişaf proqramı haqqında düşünürük"
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Sabirabadda vətəndaşları qəbul edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazir Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarından olan sakinlərlə görüşüb. Müraciətlər əsasən, tarixi abidələrin bərpası və qorunması, bölgələrdə turizmin inkişafı, yeni otellərin tikintisi, bundan əlavə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, musiqi məktəblərinin və klubların təmiri, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması ilə olub: "Onu deməliyəm ki, işğal altında qalan rayonların aqibəti bizim mədəniyyət işçilərini çox narahat edir. İnsanlar maraqlanırlar, təkliflər verirlər. Sözsüz ki, elə məsələlər var ki, bizim onlara təsir gücümüz yoxdur. Xüsusilə işğal olunmuş torpaqlarda. Lakin, unutmamalıyıq ki, bu torpaqlar Azərbaycan xalqına məxsusdur. Qarabağın inkişaf proqramı haqqında düşünürük".
Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Daha sonra nazir sözügedən rayonların mədəniyyət işçiləri ilə müşavirə keçirib.