DSX sərhəddə 21 kq narkotik tutub

 

 Dövlət Sərhəd Xidməti noyabrı ayında dövlət sərhədinin mühafizəsi ilə bağlı hesabat açıqlayıb. Xidmətdən APA TV-yə verilən xəbərə görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 19 halda 25 nəfər saxlanılıb. Onlari Özbəkistan, Əfqanıstan, Azərbaycan, Türkiyə, İran İslam, Rusiya və Moldova vətəndaşlarıdır. Axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 20 kiloqram 791 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

Noyabrın 15-də Yardımlı rayonunun Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Əziməmməd Nadir oğlu saxlanılıb, ona məxsus bağlamada 7 kiloqram həşiş qətranı, noyabr ayının 17-də Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində torpağa basdırılmış 5,8 kiloqram marixuana, 5 kiloqram tiryək aşkarlanıb.

 

“Astara” sərhəd nəzarəti məntəqəsində noyabrın 8-də İrandan Azərbaycana gələrkən Lənkəran sakini, 1966-cı il təvəllüdlü Həsənov Asəf Məmmədağa oğlunun idman ayaqqabılarının içərisindən 210 qram heroin, əl yükünün içərisindən 920 milliqram metodon məhlulu, “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində noyabrın 16-da Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü Rəhimov Nizami Vaqif oğlunun əl yükündən 700 milliqram metodon məhlulu, noyabrın 23-də Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Əhmədova Fəridə Firudin qızının belinə bağlanmış  2,3 kiloqram marixuana götürülüb.

 

Noyabrın 16-da Göyçay rayon sakinləri, 1970-ci il təvəllüdlü Abdurrəhmanov Ruslan Vaqif oğlunun bədəninin daxili orqanlarında gizlətdiyi 50 qram tiryək və 41 qram heroin, 1970-ci il təvəllüdlü Şəfiyev Sabir Cabir oğlunun bədəninin daxili orqanlarında gizlətdiyi 51 qram tiryək, 56 qram heroin aşkarlanaraq götürülüb.

 

Ay ərzində dəyəri təqribən 553 min manat olan qaçaqmal saxlanılıb. 

Müəllif | Apa.Tv
Apa.tv