Qərib Məmmədov: "Gürcüstandan dəvət gözləyirik"

"Gürcüstanla sərhədlərin delimitasiyası və demarkasiya məsələləri ilə bağlı müvafiq işlər aparılıb".

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Azərbaycan və Gürcüstan arasındakı dövlət sərhədinin 490 km olduğunu xatırladan Qərib Məmmədov bunun təxminən 300 km-lik sahəsinin razılaşdırıldığını bildirib. O, hazırda qalan sahənin razılaşdırılması üçün işçi qrupları səviyyəsində iş aparıldığını bildirib: "Diplomatik kanallarla Gürcüstanın bizi dəvət etməsini gözləyirik. Yalnız bundan sonra Gürcüstanda gedib, bu məsələni müzakirə edəcəyik”.

 

Azərbaycanın hər bir regionunda əkinə yararlı torpaqların zəbt olunması hallarının müşahidə edildiyini deyən Qərib Məmmədov bildirib ki, hər bir rayonda belə hallar var: “Prezident İlham Əliyevin tapşırığı ilə əkinə yararlı olan və ehtiyatda olan torpaqların meydana çıxarılması haqqında tapşırıqlar verilib, sərəncamlar imzalanıb. 2008-ci ildən inkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyi böhranı hökm sürür. Prezident tərəfindən həyata keçirilən siyasət nəticəsində bu böhran Azərbaycandan yan keçib. Ona görə çalışırıq ki, əkinə yararlı torpaqlar yalnız əkin üçün istifadə olunsun. Hər rayonda bu problemə rast gəlinib. Bununla bağlı konkret say demək çox çətindir”.

 

Komitə sədri bu il əkinə yararlı torpaqların zəbt olunması ilə bağlı 6 min manata yaxın cərimə tətbiq olunduğunu da bildirib.

 

Müəllif | Apa.Tv